Yusif Vəzir Çəmənzəminli

476px-Yusif_vazir_chamanzaminli_1911Yusif Vəzir Çəmənzəminli – 1887-ci il sentyabr ayının 12-də Azərbaycanın səfalı yerlərindən biri olan Şuşa şəhərində anadan olmuşdur. Yusif Vəzirin atası Məşədi Mirbaba Mirabdulla oglu Vəzirov Şuşa bəylərindən biri idi. Onun bəyliyi 1873-cü il aprel ayının 13-də Şuşa qəza idarəsi tərəfindən təsdiq edilmiş və ona bu haqda şəhadətnamə verilmişdir. Yusif Vəzirin daşıdığı Vəzirov soyadı XVIII əsr Qarabağ hökmdarı İbrahimxəlil xanın nüfuzlu vəzirlərindən biri olan Mirzə Əliməmmədağanın tutduğu vəzir vəzifəsinə bağlı olaraq nəsildən-nəsilə keçmişdir. İbrahimxəlil xanın vəziri Mirzə Əliməmmədağa Vəzirov soyadını daşıyan Məşədi Mirbaba (Yusif Vəzirin atası) nəslinin ulu babasıdır.

1797-ci ilin iyun ayında İran hökmdarı Ağaməmməd şah Qacar, Şuşanı zəbt etdiyi zaman İbrahimxəlil xan tərəfindən Türkiyə dövlətinə yenicə səfir təyin olunmuş Mirzə Əliməmmədağanı dustaq etdirib qətlə yetirir. Beləliklə, Mirzə Əliməmmədağaya səfir olmaq qismət olmur.

Taleyin qisməti belə gətirir ki, uzun illərdən sonra Türkiyədə səfirlik etmək Mirzə Əliməmmədağa nəslinin nümayəndəsi Y.V.Çəmənzəminliyə nəsib olur. O, 1919-cu ildə yeni yaranmış Azərbaycan Demokratik Cümhuriyyətinin Türkiyədə ilk səfiri olur.Yusif Vəzirin atası Məşədi Mirbaba İran, Orta Asiya və Türkiyənin bir qismini gəzmişdi, fars və türk dillərini mükəmməl bilirdi. O, ədəbiyyat ilə də məşğul olardı və Firdovsi ilə Füzulini çox sevərdi. Eyni zamanda xanəndələrə muğamatdan dərs deyərmiş. Məşədi Mirbaba gənc yaşında var-dövlətini qonaqlıqlarda xanəndə-sazəndələrə, yeyib-içməyə xərcləyib, kasıb düşdükdən sonra Ağdamda attar (dərman və ədviyyat satan) dükanı açır və orada nüsxəbəndlik (qədim tibb kitabları əsasinda dərman düzəldən həkim) edir.

Yusif Vəzir ilk əvvəl Şuşada “Kar Xəlifə” ləqəbi ilə tanınan Molla Mehdinin məktəbində oxuyur. Molla Mehdinin yanında təhsilin səmərəsiz olduğunu hiss edən Məşədi Mirbaba oğlu Yusifi Ağdama aparır və onun təhsili ilə özü məşğul olur. Ona türk və fars dillərini öyrədir. Yusifin atası onun rusca öyrənməsini də istəyirdi. Ağdamda rus məktəbi olmadığı üçün Yusif Muradbəylidəki rus məktəbinə getməli olur. Yusif bir il bu məktəbdə oxuyandan sonra hazırlaşıb realnı məktəbinə girmək üçün 1896-ci ildə Şuşaya qayıdır və imtahan verib Şuşa realnı məktəbinə daxil olur. O zaman Şuşa realnı məktəbə tədris və təchizat etibarilə Qafqaz orta məktəbləri sırasında birincilərdən sayılırdı.

Şuşa realnı mətəbının yuxarı kurs tələbəsi, Yusifin böyük qardaşı Əbülhəsən nümunəvi tələbə olduğu üçün Yusifin də realnı məktəbdə yaxşı tələbə olmasına çalışırdı. Lakin Əbülhəsən istədiyi kimi ona müvəffəq ola bilmirdi. Çunki Yusifin riyaziyyata o qədər də marağı yox idi. Yusif oxuduğu kitablarda hər şeydən çox rəssamların və heykəltaraşların tərcümeyi-halına diqqət yetirərdi.

Yusif Vəzir hələ kiçik yaşlarında rəsm əsərləri çəkməklə məşğul olurdu. Əvvəlcə təbiət mənzərələri, sonralar isə ictimai-siyasi motivli karikaturalar çəkməyə başlamışdı.Yusifin tələbəlik illərinin sevinci uzun sürmür. Gözlənilmədən onun böyük qardaşı Əbülhəsən xəstələnir və 1904-cü ildə vəfat edir. Yusif Vəzirin 21 yaşlı qardaşı Əbülhəsənin vaxtsız ölümü onu hədsiz dərəcədə sarsıdır. Baş verən bədbəxt hadisə atalari Məşədi Mirbabanın və anaları Seyid Əziz xanımın tez-tez xəstələnmələrinə səbəb olur. Bu hadisə dünyada haqq və ədalət olmasına inanan Yusifdə də ümidsizlik doğurur və onun uzun müddət dərsləri ilə məşğul ola bilməməsinə səbəb olur.

Bir müddət keçəndən sonra qardaşı Əbülhəsənin yaratdığı zəngin kitabxana Yusifə verilir. Yusif Vəzir kitabxanadakı rus və əcnəbi klassiklərin kitabları ilə yaxından tanış olandan sonra onda rəsm ilə bərabər ədəbiyyata da böyük maraq oyanır. Yusif Vəzir Şuşa realnı məktəbində təhsilini rus dilində aldığı üçün 1904-cü ildə həyatından şikayət tərzində yazılmış “Jaloba” adlı ilk şeirini rusca yazmışdı. Yusif Vəzir rusca yazdığı bir neçə şeirini Şuşa realnı məktəbindəki rus dili müəllimi Klemiyə göstərir. Müəllim şeirləri gözdən keçirib ona Çexovu oxumağı məsləhət görür. Çexovun şirin və duzlu hekayələri Yusif Vəzirin çox xoşuna gəlir.

Yusif realnı məktəbdə oxuyan zaman əmisi oğlu və dostu Mirhəsən Vəzirovla birlikdə rus dilində “Fokusnik” adli, əl ilə yazılmış yumoristik və karikaturalı aylıq jurnal çıxarırdılar. Bu jurnalda verilən yazılar həcmcə kiçik olsa da, məzmunca diqqəti cəlb edirdi. 1905-ci ilin yayında erməni daşnaqlarının təbliğatı nəticəsində Şuşada milli qırğın başlayır. Polis və hökumət əsgərləri bu düsmənçiliyə qarşı laqeyd münasibət bəslədikləri üçün iki xalq biri-birini qırır, evlərini yandırıb, xaraba qoyurdular. Şuşanın təhlükəli vəziyyətindən doğan əsəbilik Yusif Vəzirin atası Məşədi Mirbabanın tez-tez xəstələnməsinə səbəb olur.

Yusif Vəzirin atası 1906-ci il fevral ayının 20-də vəfat edir. Onun vəfatından sonra ailə, həyat təcrübəsi olmayan 19 yaşlı Yusifin himayəsində qalır. Atasının vəfatından sonra Yusif ilk əvvəl Ağdamdakı əttar dükanının şeylərini və dükanın özünü satmaq üçün mart ayının birində Ağdama gedir. Bir neçə gün orada qaldıqdan sonra xəstələnib Muradbəylidə yaşayan Telli bibisigilə gedir. İki ay yatalaq xəstəliyindən yatıb, ağır böhranlar keçirir. Sonra Yusifin bibisi onun sağalacağına olan ümidini itirib Şuşaya göndərir. Xəstəlikdən zəif düşmüş Yusifin üç ay yataqdan qalxa bilməməsi ailəni böyük çətinliklər qarşısına qoyur. Ailə köməksiz qalır. Yusifin anasi Seyid Əziz xanım gecə-gündüz rahatlıq bilmədən onun həyatını xilas etmək üçün əlindən gələni edir. Ailənin ağır vəziyyətində Yusif hələ uşaq ikən Cənubi Azərbaycanın “Çəmənzəmin” adli kəndində aclıq nəticəsində oradan qaçıb, Şuşaya pənah gətirib, Yusifgilin həyətlərində sığınacaq tapmış Həsənxan, Nifti və Fərəc qardaşlarından basqa heç bir qohumları onlara kömək etmir. Yusifin atasi Məşədi Mirbabayev yurdları olmayan bu qardaşlara öz həyətində sığınacaq verib himayəsinə almışdı.

Yusif sağaldıqdan sonra anasına deyir ki, əgər mən gələcəkdə adlı-sanlı adam olsam, mütləq Cənubi Azərbaycandan gəlmiş sədaqətli qonşularımızın kəndlərinin adını özümə təxəllüs qəbul edəcəyəm. Yusif Vəzirin “Çəmənzəminli” təxəllüsünü qəbul etməsi onun həmin ailəyə bəslədiyi hörmət və məhəbbətdən irəli gəlir. Şuşada yaranan erməni-müsəlman toqquşmaları nəticəsində azərbaycanlı tələbələr məktəblərini tərk etmək məcburiyyətində qalırlar. Yusif Vəzir də təhsilini davam etdirmək üçün Bakıya gedib realnı məktəbin altıncı sinfinə daxil olur. O, böyük səylə oxumaqla bərabər ictimai işlərlə də məşğul olur. Yusif Vəzir xalqın məişətini, onun adət və ənənələrini, həyat tərzini bilərək 1907-ci ildə “Şahqulunun xeyir işi” adlı hekayəsini yazır. Bu hekayə ilk dəfə 1911-ci ildə “Səda” qəzetində çap olunur.

Şuşadakı milli ədavət Vəzirovlar ailəsini də ata-baba yurdundan didərgin düşməyə məcbur edir. Onlar Aşqabada köçməli olurlar. 1907-ci ilin yayında Yusif Vəzirov Aşqabada anasına baş çəkməyə getdiyi zaman orada Aşqabad Gimnaziyasının 3-cü sinif şagirdi Berta Maiseyeva ilə tanış olur. Bertanın “Əli və Nino” romanındakı Ninonun prototipi olduğu ehtimal edilə bilər. Əslində, gündəliklərinə əsasən demək olar ki, romandakı tarixi hadisələrin bir çoxu Vəzirovun Bakıda realnı məktəbdə oxuduğu dövrə təsadüf edir.

Yusif Vəzir 1909-cu ildə Bakı realnı məktəbini bitirib, təhsilini davam etdirmək üçün həmin ilin iyul ayında Peterburqa gedib sənədlərini Mülki Mühəndislər institutuna verir. Lakin riyaziyyata qələbə çalmayacağını hiss edib sənədlərini geri alır. Orada qaldığı vaxtdan istifadə edib məşhur “Cənnətin qəbzi” hekayəsini və Qafqazın fəth edilməsinin 50 illiyi münasibətilə Dağıstanın məşhur milli qəhramanı olan Şeyx Şamili yada salaraq ona şeir həsr edir. Bir aydan sonra Yusif Vəzir Peterburqdan Aşqabada qayıdır. O, Aşqabadda qaldığı müddətdə latıncanı öyrənməyə başlayır. Sonra isə Daşkəndə gedib altı ay kursda oxuyur və Daşkənd gimnaziyasında imtahan verib universitetə girmək hüququ qazanır.

Yusif Vəzir 1910-cu ildə Kiyevə gedib, Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakültəsinə daxil olur. Yusif Vəzirin Kiyevdəki 5 illik tələbəlik dövründə də o vətənilə heç bir zaman əlaqəni kəsmir. Yusif Vəzir Bakıda nəşr olunan qəzetləri və jurnalları müntəzəm olaraq alır və Azərbaycanda baş verən hadisələrlə yaxından tanış olurdu. Eyni zamanda öz yazılarını da Bakıda çıxan qəzetlərdə çap etdirirdi. Yusif Vəziri düşündürən əsas məsələlərdən biri də Azərbaycan dilində kitabların nəşri və yayılması olmuşdu. O, bu məqsədlə Kiyevin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrdən ibarət xüsusi nəşriyyat heyəti təşkil etmişdi. Bu barədə Yusif Vəzir 1911-ci il iyun ayının 3-də “Səda” qəzetində çap etdirdiyi “Kiyevdə heyəti – nəşriyyat təşkili məqaləsində yazırdı… kitabçalar bir ədəbiyyata dair olmayıb, siyasi, tibbi, tarixi, iqtisadi məsələlərdən də bəhs edəcəkdir”.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s