Həyatı

Hüseyn Cavid (1936-cı il)Hüseyn Cavid 1882-ci ildə Naxçıvanın Şahtaxtı kəndində ruhani ailəsındə dünyaya göz açıb. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbində almışdır (1894-1898). 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin “Talibiyyə” mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir.
Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, 20-ci əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olmuşdur.
Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. “Keçmiş günlər” adlı ilk şer kitabı 1913-cü ildə çap olunmuşdur.
Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, “Cavid teatrı” kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır.
Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan “Şeyx Sənan” (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. Hüseyn Cavid bu dövrdə tədriclə “haq verilmir, alınır” ideyasına gəlib çıxmışdır.
Yaradıcılığında mühüm yer tutan “İblis” (1918) mənzum faciəsində dövrün bütün mürtəce qüvvələri – “insan insana qurddur” fəlsəfəsinin tərəfdarları, “iyirminci əsrin mədəni vəhşiləri” olan dairələri İblis surətində ümumiləşdirilmiş, işğalçı müharibələrə lənət yağdırılmışdır.

1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlərlə qayıtdı.1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlərlə qayıtdı.

20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazmışdır. “Peyğəmbər” (1922) və “Topal Teymur” (1925) əsərlərindən sonra yazdığı “Səyavuş” (1933), “Xəyyam” (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş oldu.
Cənubi Azərbaycandakı azərbaycanlıların “şahənşahlıq” üsuli-idarəsi əsarəti altında əzab çəkməsi, ən adi insan hüquqlarından məhrum edilməsi də vətənpərvər şair kimi Hüseyn Cavidi düşündürürdü (“Telli saz” dramı, 1930; “Kor Neyzən” poeması, 1930).
Şeirləri Xəzər Universiteti Nəşriyyatı tərəfindən çap olunan Azərbaycan Sevgi Poeziyası toplusunun Birinci kitabına (Bakı, 2008) daxil edilmişdir (Tərtibçi: Hamlet İsaxanlı).
Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin “nailiyyətlər”indən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırmışdır. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına, Maqadana sürgün edilmiş və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində həlak olmuşdur.

Hüseyn Cavidin cənazəsinin Azərbaycana gətirilməsi

CAVID-copyHər şey Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin görkəmli şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 100 illiyinin qeyd edilməsi ilə bağlı 1981-ci ilin iyun qərarı ilə başlayıb. Yubiley tədbirləri çərçivəsində Hüseyn Cavidin Bakı və Naxçıvanda ev muzeyinin açılması, heykəlinin ucaldılması, Cavid Poeziya Teatrının yaradılması nəzərdə tutulur. 1982-ci il oktyabrın 2-də Heydər Əliyev Naxçıvana səfəri zamanı yubileylə bağlı görülən işlərlə maraqlanır. Naxçıvan Vilayət Partiya Komitəsində keçirilən görüşdə ona ziyalıların adından Cavidin nəşinin Azərbaycana gətirilməsi təklifi ilə müraciət olunur. Bu, Cavidin nəşinin Vətəninə qaytarılmasına dair ilk təklif deyildi. Bundan əvvəl artıq iki dəfə belə müraciət olunsa da, təkliflər nəticəsiz qalmışdı. Ziyalılar bu məsələni üçüncü dəfə gündəmə gətirir və təklifi müsbət qarşılayan Heydər Əliyev buna icazə verməklə yanaşı, lazım olan bütün köməkliyi göstərəcəyini bildirir.heydc999r-c999liyev-hc3bcseyn-cavid

Naxçıvan Vilayət Partiya Komitəsi şairin cənazəsinin gətirilməsi ilə bağlı 12 oktyabr 1982-ci ildə qərar qəbul edir və qərarın icrası komitənin katibi Həmid Cəfərova tapşırılır. Həmid Cəfərov APA-ya açıqlamasında qəbul olunan qərardan sonra cənazəni gətirmək üçün səfərə çıxmaq istəyənlərin sayının azaldığını bildirib: “İlk əvvəl könüllülər çox olsa da, sonradan bir çoxları müəyyən səbəblərdən səfərə çıxmaqdan imtina etdi. Son məqamda Naxçıvanın sabiq daxili işlər nazirinin müavini, polkovnik Telman Əliyev və o zaman SSRİ-nin ən cavan deputatı olan Zakir Nəsirov səfərə çıxmağa məmnuniyyətlə razılıq verdi”.

36-9

Beləliklə, Həmid Cəfərovun rəhbərliyi ilə Telman Əliyev və Zakir Nəsirovdan ibarət olan üçlük oktyabrın 14-də Sibirə uçur və 19-da İrkutsk vilayətinin rəhbərliyi ilə görüşür: “Sözsüz ki, rəhbərlik və yerli hüquq-mühafizə orqanları bizi xoş sifətlə qarşılamadılar. Səfərimizin məramı onlar üçün qəribə görünürdü. Onlara qəribə gəlirdi ki, 41 ildən sonra vaxtilə xalq düşməni damğası vurulan şairin məzarını tapıb, cənazəsini vətənə aparmaq istəyirik. İnadkarlığımızı görüb, missiyamızı həyata keçirməyə razılıq verdilər və nə kömək edə biləcəklərini soruşdular. Bildirdik ki, repressiya illərində Məhbus Əlillər Evində çalışanlardan kimsə, məhkəmə tibbi eksperti, kriminalist və fotoqraf istəyirik. Razılaşdılar. Onlar Rusiya tarixində rast gəlinən ilk belə hadisədən şok içində idilər. Hörmət əlaməti olaraq bizə xüsusi vaqon ayrıldı və Tayşetə gəldik”.

Üçlük rayon arxivində bir daha Şevçenko kəndində yerləşən Məhbus Əlillər Evində həlak olanların siyahısını araşdırır və siyahıda Hüseyn Cavidin adını tapır: “Sənədə əsasən 21 saylı Məhbus Əlillər Evində müalicə olunan Hüseyn Cavid (Rəsizadə ) 1941-ci il dekabrın 5-də saat 22.30-da ayaqlarını soyuq apardığına görə ürək zəifliyindən dünyasını dəyişib və dekabrın 7-də məhbus qəbiristanlığında 59 nömrəli qəbirdə, taxta tabutda, 2 metr dərinliyində başı şərqə tərəf dəfn olunub. Cavid Maqadana sürgün edilib, amma o zaman Sibirdə xəstələnən bütün məhbuslar bura gətirilib müalicə olunurmuş. Dəfninin gecikməsinin səbəbi odur ki, Stalin rejimi vaxtında məhbus dustaqların ölümü komissiya tərəfindən mütləq təsdiqlənirdi və sonra dəfnə icazə verilirdi. Şairin dəfnində Məhbus Əlillər Evində olan dustaq azərbaycanlılar iştirak edib və onlar da Cavidi üzü qibləyə dəfn ediblər”.

Hüseyn Cavidin dəfn olunduğu məzarlığa getmək müşkülə çevrilir. Ora getməkdə israrlı olan Azərbaycan nümayəndələrinə izah edilir ki, Şevçenko kəndinə İrkutskdan sutka yarımlıq yoldur: “Dedilər ki, Məhbus Əlilər Evi meşənin içində yerləşir, ilin 10 ayı burada şaxta-boran olur. Arxivdə bu sənədləri tapandan sonra bizə hüquqi sənəd lazım idi. O illərdə 11-12 milyon adam repressiya qurbanı olmuşdu, Şevçenkodakı məzarlıqda təxminən 40 min qəbir vardı. Biz həmin məzarlıqda dəfn olunan Azərbaycan şairinin qəbrinin açılmasına və nəşinin vətənə aparılmasına icazə almalı idik”.

Bu hüquqi sənəd də əldə olunur, rayon rəhbərliyinin 21 oktyabr qərarına əsasən, 50 nəfərdən ibarət komissiya məzarlığa yola düşürlər. Həmid Cəfərov o günləri belə xatırlayır: “30 dərəcə şaxtada 75 kilometr yolu 4-5 saata getdik və Şevçenko kəndinə çatdıq. Kənd əslində 100 hektarlarla ərazisi olan meşə idi. Məzarlığa gəldik. Şaxtalı havada qarın altında olan qəbirlərin arasında 59 nömrəli qəbri axtarırdıq. İki saat axtarışdan sonra birdən rayon prokuroru Yelena Yakovlevnanın səsi gəldi: “Tapdım!” Sevinə-sevinə onun yanına qaçdıq və məzarın başına vurulan taxtanı silib-təmizlədik, 59 nömrəsini gördük. Təkrar dəqiqləşdirdik, tam əmin olandan sonra komissiya üzvləri qəbrin açılması ilə bağlı aktı imzaladı”.

Sanksiya verilir və oktyabrın 21-də qəbir açılır: “Əvvəlcə qəbrin başında diz çökdük, gözümüz yaşardı. Bu, həm sevinc, həm də kədər yaşları idi. Qəbrin torpağı çox saf idi, iki metr dərinlikdə tabutun üst hissəsi göründü. Mənim boyum balaca olduğuna görə yerimi Zakirə verdim. O, məzara enib tabutun taxtasını çıxartdı və elə bil canlı insan parladı. Ət çürümüşdü, amma sümüklər hamısı yerində idi. Alnını silib öpdüm, baş hissəsinin arxasına baxdım, tüklər yerində idi”.

Arxiv sənədlərində göstərildiyi kimi, qara adyala bükülü cəsədin qalıqları qarın üstünə qoyulur, yundan təmizlənir və ekspertlər onun sol ayağında yun corabın izini aşkar edirlər. Qalıqlar aktlaşdırılır və nümayəndə heyətinin özü ilə apardığı ağ tabutun içinə ağ mələfə salınır, mələfənin üstünə torpaq tökülür: “Qalıqları səliqə ilə yığdıq. Orada bir mitinq keçirib Sibir torpağına minnətdarlıq etdik ki, sən bizim şairimizi 41 il qoynunda saxlayıbsan. Qəlbən isə düşündük ki, bura elə qədim türk torpaqlarıdır. Burada qəribə bir məqam oldu. Bizi 10 nəfər avtomatlı şəxs müşayiət edirdi, polkovnik Telman Əliyev gözlənilmədən üzünü həmin dəstəyə rəhbərlik edən mayora çevirib komanda verdi: “Yaylım atəşi açın!” Və orada 100 yaşını bitirən Cavidin ruhunun şərəfinə 100 yaylım atəşi açıldı”.

Cənazə ilə Tayşetə qayıdan nümayəndələr həmin axşam orada şairin ruhuna ehsan verirlər və oktyabrın 24-də Cavidin ad günündə, 100 yaşının tamamında şairin cənazəsi ilə birgə İrkutskdan vətənə dönürlər. Təyyarədə Həmid Cəfərova yaxınlaşan stüardessa planın dəyişdirildiyini bildirir: “Əvvəl Moskvaya uçduq. İrəvana, oradan da Naxçıvana uçmalı idik. Bizə dedilər ki, Heydər Əliyevin göstərişi ilə Bakıya uçmalısınız. Çünki Cavid Bakıdan aparılıb, onun cənazəsi Bakıya qayıtmalıdır. Oktyabrın 26-sı Bakıya düşdük, bizi respublikanın dövlət və hökumət nümayəndələri, elm, ədəbiyyat xadimləri, şəhər sakinləri təntənə ilə qarşıladılar”.

Aeroportdan Cavidin nəşi Şirvanşahlar Sarayına, şahlar otağına gətirilir. Bu zaman məlum olur ki, bir qrup şəxs şairin qızı Turan xanımla görüşərək ona təklif ediblər ki, Hüseyn Cavid Bakıda dəfn olunsun. Şairin nəşinin harada dəfn olunması ölkə ziyalılarını iki qrupa bölür. Söz-söhbətlərə son qoymaq üçün oktyabrın 27-də Azərbaycan SSR Elmlər Akademiyasının böyük zalında Mərkəzi Komitənin katibi Həsən Həsənovun rəhbərliyi ilə respublika ziyalıları, elm, ədəbiyyat xadimlərinin iştirakı ilə böyük iclas keçirilir. Həmid Cəfərov bu iclası da dəqiqliyi ilə xatırlayır: “İclasda ilk çıxış edən professor Qulu Xəlilov tarixi missiyanın yerinə yetirildiyini dedi. Onun çıxışı yadımdadır: “İndi yoldaşlar deyirlər ki, Naxçıvan uzaq olar, onu burada Fəxri Xiyabanda dəfn edək. Həsən Həsənov, Fəxri Xiyabanda o qədər “julik”, rüşvətxor dəfn olunub ki, Hüseyn Cavidi orada dəfn etsək, ruhu bizdən inciyər”. Onun bu sözü gülüş və alqışla qarşılandı”. İclasda ümumilikdə 21 nəfər çıxış edir və sonda Hüseyn Cavidin Naxçıvanda dəfn olunması qərara alınır.

Şirvanşahlar sarayında şairlə vida mərasimindən sonra noyabrın 1-də gecə saatlarında cənazə şairin evinə gətirilir və bir gün sonra başda Heydər Əliyev olmaqla Azərbaycanın dövlət, hökumət nümayəndələri vida mərasiminə gəlirlər. Daha sonra cənazə xüsusi təyyarə ilə Naxçıvana aparılır. Əvvəl ata evinə gətirilən şair noyabrın 3-də ev muzeyinin yanında, uşaqlıqda çox sevdiyi tut ağacının altında dəfn olunur. Beləliklə, 1919-cu ildə ata evindən çıxan Hüseyn Cavid 63 il sonra ana torpağa qovuşur.

Cavidin cənazəsinin vətənə qaytarmaq üçün Sibirə gedən SSRİ-nin sabiq deputatı Zakir Nəsirov APA-ya səfərdən imtina edənlərin adlarını açıqlayıb: “Uzaq Sibirə səfərə çıxmaq, qarda, meşədə yol getmək asan deyildi. Məzarlığa baxanda diksindik. Məgər 40 minlik qəbiristanlıq olar? Bu, qarın içində bir qəbir meşəsi idi. Ruslar bizə heyrətlə baxırdılar, bu, onlar üçün də analoqu olmayan hadisə idi. Bu məsələ ilə bağlı Heydər Əliyevin Leonid Brejnevlə yarım saat xüsusi söhbəti olmuşdu. Cavidin nəşinə ilk dəfə mənim əlim dəyib. Qəbirdən onun sümüklərini mən çıxartmışam. Hansı hissləri keçirdiyimi necə deyim? Bu səfərdən son anda çoxları imtina etdi. Açıq danışaq, niyə gizlədirik, Naxçıvanın daxili işlər naziri vardı – Sadıq Sadıqov, şəhər daxili işlər şöbəsinin rəisi vardı- İbrahim Qədimov. Rafael Hüseynov “Vaxtdan uca” əsərində onların adının baş hərflərini verib, biz niyə adları açıqlamayaq? Bilirsinizmi, rahat kabinetdə oturub qərar verənlər Uzaq Sibirə getmək istəmirdilər. Mən Fransaya getməli idim, amma o səfəri təxirə saldım ki, Fransa qaçmır, sonra gedərəm”.

Tarixi missiyanı həyata keçirən üçlüyün sonuncusu, Naxçıvan daxili işlər nazirinin sabiq müavini, polkovnik Telman Əliyev isə o vaxt keçirdiyi qorxunu uzun illərdən sonra etiraf edir: “Həyəcan keçirirdim, bir çox vəzifəlilərin səfərdən imtinası məni də qorxudurdu. Digər tərəfdən isə bacım ölüm ayağında idi. Bizim nümayəndə heyətində yeganə rütbəli şəxs olduğuma görə, üzərimə düşən məsuliyyəti də hiss edirdim. Sibirə çatan gün xəbər aldım ki, bacım rəhmətə gedib, amma geri qayıtmadım. Səfərdə mənim üçün ən çətin an məzarın açılması oldu, dözməyib ağladım”.

Hüseyn Cavidin cənazəsi Azərbaycana gətirilsə də, “ailə” yenə pərən-pərən idi. Şairin qızı Turan xanım həmişə ailə üzvlərinin bir yerdə dəfnini arzulasa da, atasının cənazəsi gətirildikdən və şairin xatirə türbəsinin yaradılması qərarından sonra onun xahişi yerinə düşürdü. Onun ailə üzvlərinin hamısını bir yerdə dəfn etmək barədə xahişinə Heydər Əliyevin cavabı müsbət olur və 1937-ci ildə ayrılan ailə üzvləri 59 ildən sonra təkrar görüşürlər. 1996-cı ilin 13 sentyabrında Müşkünaz xanımın məzarı Bakıdan, Ərtoğrul Cavidin məzarı isə Naxçıvandan türbəyə gətirilir. Həmin il oktyabrın 29-da Heydər Əliyevin iştirakı ilə Cavidlərin türbəsinin açılış mərasimi keçirilir. 2004-cü ilin 12 sentyabrında Turan Cavid də vəfat etdi və o da məhz 13 sentyabr tarixində bu türbədə dəfn olunur.

Hüseyn Cavidin həyatında 3 rəqəmi sirli şəkildə təkrarlanıb: 1937-ci ilin 3 iyununda 3 nəfər – Hüseyn Cavid, Əhməd Cavad və Mikayıl Müşfiq həbs edilib, məlum “üçlük” onu gedər-gəlməzə, Maqadana göndərib, 41 il sonra bir başqa “üçlük” onu vətənə gətirib, şairin cənazəsinin gətirilməsi ilə bağlı 3 dəfə məsələ qaldırılıb, ailə 13 sentyabrda bir-birinə qovuşub və s.

Şairin həyatında 59 rəqəmi də dəfələrlə təkrarlanıb. Başının ölçüsü 59 olan şair 59 yaşında vəfat edib, ölümü 59 nömrəli aktla sənədləşdirilib. Bakıdakı 59 nömrəli evindən zorla ayrı salınan şair Sibirdə 59 nömrəli qəbirdə dəfn olunub və 59 ildən sonra ailəsi ilə görüşüb…

Sonda bir məsələyə də aydınlıq gətirək. Tarixi missiyanın iştirakçılarının sözlərinə görə, Sibir arxivlərində şairin gündəliyinə, şeirlərinə, ümumiyyətlə onunla bağlı hər hansı əşyaya rast gəlinməyib. Yalnız şahid ifadələri əsasında məlum olub ki, Cavid dustaq yoldaşlarına oxuduğu şeirləri sonra sobaya atıb yandırırmış…

Və qəribə olan daha bir fakt. Sibirdəki həmin Məhbus Əlillər Evində digər Azərbaycan şairi Gülhüseyn Hüseynoğlu da müalicə olunub, bəraət alıb, vətənə sağ-salamat qayıdıb…(http://kult.az)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s