Dram əsərləri

«Düşüncələr». Rəssam Altay Hacıyev.

«Düşüncələr». Rəssam Altay Hacıyev.

Hüseyn Cavidi ədəbiyyat tarixində ən çox məhşurlaşdıran və ona böyük şöhrət qazandıran dram əsərləridir. O, Azərbaycan romantik mənzum dramaturgiyasının görkəmli yaradıcısı və banisidir. Hüseyn Cavid dram əsərləri teatrlarımızda ən çox tamaşaya qoyulmuş dramaturqlardandır.

Ana

“Ana” əsəri azərbaycanca yazılmış ilk mənzum dram əsəri sayılır. Şair-dramaturq həmin səhnə əsərini 1910-cu ildə tamamlayıb. Mövzusu Dağıstan həyatından alınıb. Dramın qəhrəmanı Səlma ana obrazının timsalında mərdlik, mənəvi nəciblik, insani sədaqət duyğuları tərənnüm olunub. “Ana” dramı ilk dəfə 1913-cü ildə Tiflisdə çap edilib.-Əsəri Oxu.

Maral 

“Maral” faciəsi nəsrlə yazılıb və 1912-ci ildə tamamlanıb. Mövzusu “Ana” kimi Dağıstan həyatından götürülmüş bu dram 1917-ci ildə Bakıda kitab şəklində çap edilib. Hüseyn Cavidin bu əsərində qadın azadlığı (Humay və Maralın mürəkkəb xarakterləri timsalında), feodal-burjua düşüncə tərzinin naqis tərəfləri, cəmiyyətdə yenilik duyğuları (Cəmil bəy) ilə mühafizəkar köhnəlik (Turxan bəy) arasındakı barışmaz mübarizənin reallıqları dramaturji konfliktin mərkəzində durur.-Əsəri Oxu.

Şeyx Sənan

Növbəti pyesi “Şeyx Sənan”ı nəzmlə işləyən dramaturq onun üzərində 1912-1914-cü illərdə Naxçıvanda və Tiflisdə yaşayarkən iki il işləyib. Faciə 1914-cü ildə tamamlanıb. Əsər lirik-dramatik məhəbbət faciəsi janrında yazılıb. Əvvəlcə Bakıda çıxan müxtəlif qəzetlər faciədən parçalar veriblər. Ayrıca kitab şəklində “Açıq söz” qəzetinin mətbəəsində çap olunub (1917).

“Şeyx Sənan” faciəsində dramaturq dünyagörüşü, məhəbbətə münasibəti panteist fəlsəfi ideyaların zəminində formalaşmış Şeyx Sənanın lirik-romantik, faciə və mürəkkəb psixoloji obrazını yaradıb. Dramaturq hadisələri bəşəri fəlsəfi dəyərlər axarına salmaq məqsədilə Şeyx Sənanın sevgilisini xristian, gürcü qızı Tamara (Xumar) ilə verib.-Əsəri oxu.

Şeyda

Hüseyn Cavid nəsrlə yazdığı “Şeyda” dramını 1911-19l2-ci illərdə tamamlayıb. Hətta “Ana” dramı kitabının girışində dramaturqun “Rəmzi” pyesi də olduğu göstərilib. Xatırladım ki, “Şeyda” pyesinin “Rəmzi” və “Nakam” adları da var. Lakin dram son dəfə 1916-cı ildə redaktə edilib və elə həmin dövrdə də kitab şəklində buraxılıb. “Şeyda” dramında həm cəmiyyətin sosial ziddiyyətləri, həm də ayrı- ayrı fərdlərin dünyagörüşlərindəki, mənəviyyatlarındakı təzadlar konfliktin özəyini təşkil edir.-Əsəri oxu.

Uçurum

“Uçurum” faciəsi (1919) ilə Hüseyn Cavid yaradıcılığının birinci mərhələsi  başa çatır. Mövzusu Türkiyə həyatından alınmış bu əsərdə ədib süni avropalaşmanın, yad təsirlərin milli mənəviyyatla uzlaşmayan eybəcərlikləri əks eydirmişdir.-Əsəri oxu.

İblis

İblisHüseyn Cavid 1918-ci ildə yaradıcılığı üçün çox əhəmiyyətli olan, onun şah əsərlərindən sayılan “İblis” mənzum faciəsini tamamlayıb. Hərb və insanlığın fəlakəti, savaş və humanizının müsibəti problemlərinə Şərq fəlsəfi düşüncə tərzi əsasında yanaşan dramaturqun növbəti səhnə əsəri ilk növbədə romantik faciədir. Cavid hərb aparan hansısa dövlətin siyasətini deyil, bütövlükdə müharibənin faciələrini, iblisliyin insanlığı məhvə sürükləməsini mürəkkəb dramatik kolliziyalarda, psixoloji və fəlsəfi təzadlarla oxuculara çatdırıb.Faciənin əsas ideya yükünü, dramaturq qayəsini əsərin sonunda İblisin dili ilə söylənilən bu misralar dərindən əks etdirir: “İblis nədir? – Cümlə xəyanətlərə bais… Ya hər kəsə xain olan insan nədir? – İblis!..”-Əsəri oxu.

Afət

“Afət” dramatik faciəsini Hüseyn Cavid İstanbulda oxuyarkən yazıb. Lakin üzə çıxarmayıb və 1917-1920-ci illərdə əsər üzərində yenidən işləyib. Bir il sonra isə “Afət”in son variantı Akademik Milli Dram Teatrına təqdim olunub. Bu pyes ruhən mövzu və problematika baxımından ədibin “Uçurum” faciəsinə yaxın və doğmadır.-Əsəri oxu.

Peyğəmbər

Məhəmməd peyğəmbər obrazını milli dramaturgiyamızda ilk qələmə alan Hüseyn Cavid olub. O, “Peyğəmbər” mənzum dramını 1922-ci ildə yazıb. Əsər həmin il və 1923-cü ildə “Mədəni – maarif” jurnalının müxtəlif saylarında çap edilib. İştirakçılar (Əşxas) verilməyən pyes dörd pərdədən ibarətdir. Hər pərdədə Məhəmməd peyğəmbərin həyatının müxtəlif tarixi dövrü verilib.-Əsəri oxu.

Topal Teymur

Hüseyn Cavid tarixi dram janrında “Topal Teymur” adlı kamil səhnə əsəri yaradıb. Əsərin mövzusu XIV əsrin iki nəhəng hökmdarı – teymurilər imperiyasının banisi, Orta Asiya hökmdarı Əmir Teymurun və Türkiyə sultanı Yıldırım Bəyazidin apardıqları axırıncı qanlı müharibədən (1402) götürülüb. “Topal Teymur” dramındakı Şair Girmani müəyyən mənada Hüseyn Cavidin özüdür, onun ideyalarının, insanlıq, hökmdarlıq, məhəbbət, ülviyyət, mərdlik duyğularının tərənnümçüsüdür. Xalq oyun-tamaşalarındakı liliput oyunçularının estetikası əsasında işlənmiş Cücə personajı dramaturqun kəskin satirasının və kinayəli sarkazmının tərənnümçüsüdür.-Əsəri oxu.

Knyaz

“Knyaz” mənzum faciəsi Hüseyn Cavidin inqilabi mövzuda yazdığı dramlar cərgəsinə daxildir. Əsər ədəbiyyatda və Akademik Milli Dram Teatrının bəzi afişa və proqramlarında “Dəli knyaz” adı ilə də verilib. Pyesin mövzusu 1920-ci illərin əvvəllərində Gürcüstan həyatından götürülüb.-Əsəri oxu.

Səyavuş

Dramaturqun növbəti mənzum faciəsi beş pərdədən ibarət “Səyavuş”dur. Müəllifin 1932-ci ildə tamamladığı möhtəşəm dram əsərinin mövzusu şərqin mütəfəkkir şairi Əbülqasim Firdovsinin “Şahnamə” mənzum epopeyasındakı “Dastani-Səyavuş” poemasının məşhur süjetindən götürülüb.-Əsəri oxu.

Xəyyam

Hüseyn Cavid 1935-ci ildə yenə Şərq klassik poeziyasının dahilərindən birinə müraciət edib. Bu dəfə o, mütəfəkkir fars şairi Ömər Xəyyamın həyatına müraciət edərək “Xəyyam” adlı dramını yazıb. Dram 1935-ci ildə keçirilən pyeslər müsabiqəsində üçüncü mükafata layiq görülüb. Filosof mütəfəkkir Xəyyamın yaradıcılığı və keşməkeşli həyatı Hüseyn Cavidi gənc yaşlarından maraqlandırıb. Dramaturq rübai ustasının on altı müxtəlif poetik nümunəsini farscadan əruzun müxtəlif bəhrlərində dilimizə çevirərək öz əsərinə daxil edib. Əsərdə müəllif ideyanın mahiyyətinə uyğun olaraq, müxtəlif psixoloji hadisələrin təsvirində Xəyyamın poetik nümunələrindən iğtibaslar edib. Həmin iğtibaslar Xəyyamın həyat, insanlıq, məhəbbət, xeyirxahlıq fəlsəfi düşüncələri ilə səsləşir, dramatizjmi gücləndirir. İlk dəfə 1963-cü ildə çap edilmiş dramda Xəyyamla yanaşı, dövrünün böyük diplomatı Xacə Nizam (Nizamülmülk Əbu Əli Həsən ibn Əli), ismaililər hakimiyyətinin banisi Həsən Sabbah, İran Səlcuqlar sülaləsinin ikinci hökmdarı Alp Arslan, Alp Arslanın oğlu, səlcuqların üçüncü hakimi Məlikşah Cəlaləddin, Abbasiyə xilafətinin iyirmi yeddinci xəlifəsi Müqtədbillahın (Abdulla ibn Əhməd) maraqlı bədii surətlərini yaradıb. Eyni zamanda bədii təfəkkürün məhsulu olan Sevdanın (Xəyyamın sevgilisi) canlı xarakterini qələmə alıb.-Əsəri oxu.

İblisin intiqamı

“İblisin intiqamı” beşpərdəli dramını Hüseyn Cavid 1937-ci ilin martında bitirib. Bu əsər müəyyən mənada dramaturqun “İblis” faciəsinin davamıdır. “İblis” faciəsində olan Iblis, Arif, Rəna obrazları “İblisin intiqamı”nda da verilib. Dram əsəri Cavidin həyat yoldaşı Müşkünaz xanımın köçürdüyü əlyazması əsasında ilk dəfə Hüseyn Cavidin seçilmiş əsərlərinin dördüncü cildində (1985) çap olunub.-Əsəri oxu.

Dahi dramaturqun təxminən 1930-1932-ci illərdə yazdığı “Telli saz” dramı itib. Dramaturqun qızı Turan Cavidin köməkliyi ilə əsərin süjetini bərpa etmək mümkün olub. Onun “Xəyyam” faciəsi ilə bir dövrdə yazdığı “Şəhla” pyesi də hələlik tapılmayıb.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s